AZƏRBAYCAN » CƏMİYYƏT
07 İyun 2019, 14:55 (GMT +4)

BMqT “ASAN Xidmət”də fəaliyyət göstərən Hüquqi Yardım Mərkəzinə tanışlıq səfəri təşkil edib

Bakı, 7 iyun, SalamNews.Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə birgə icra olunan və ABŞ Dövlət Departamentinin Narkotiklər və Hüquq Mühafizəyə dair Beynəlxalq Məsələlər üzrə Bürosunun (İNL) maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasına dəstək məqsədli elektron-tədris modulları-faza II” layihəsi çərçivəsində təşkilatların rəsmilərinin Masallı ASAN Xidmət Mərkəzində təşkil olunmuş Hüquqi Yardım Mərkəzinə səfəri baş tutub.

Qeyd olunan layihə əhaliyə peşəkar hüquqi xidmətlər təqdim etməklə xüsusilə aztəminatlı təbəqənin ödənişsiz şəkildə kompleks hüquqi yardım xidmətlərindən yararlanma imkanlarının təmin edilməsi məqsədini daşıyır. Layihə çərçivəsində əhaliyə məhkəmə və digər dövlət orqanlarında təmsilçilik, hüquqi sənədlərin tərtibi, şifahi hüquqi məsləhətlərin verilməsi kimi xidmətlər göstərilir.

Xidmətlərin göstərilməsi ilə bağlı vətəndaşların müxtəlif orqanlarda ödənilən dövlət rüsumları ilə bağlı xərcləri qarşılanmaqdadır. Analoji hüquqi yardım mərkəzləri Bərdə, İmişli və Qəbələ rayonlarında da təşkil olunmuşdur. Hüquqi xidmətlər hər bir mərkəzdə ən azı bir Vəkillər Kollegiyasının üzv olmaqla, köməkçi hüquqşünaslar tərəfindən göstərilməkdədir. Səfərdə ABŞ-nin Azərbaycandakı Səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Soley, BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev, Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aparatatının rəhbəri Fərhad Nəcəfov iştirak ediblər.

Qonaqlar "ASAN xidmət" yerləşən Hüquqi Yardım Mərkəzinin işini izləmək imkanı qazanmışlar. Qeyd edək ki, cari ilin fevral ayında fəaliyyətə başlamış Masallı Hüquqi Yardım Mərkəzi tərəfindən əsasən əmlak, ailə, əmək, vərəsəlik, cinayət, inzibati işlər üzrə 246 nəfərə hüquqi yardım göstərilmişdir. Onlardan 136 iş məhkəmə təmsilçiliyi, məhkəmlərə iddia ərizələrinin hazırlanması və s. bu kimi işlər ilə bağlıdır.