AZƏRBAYCAN » SİYASƏT
07 İyun 2019, 17:12 (GMT +4)

Məzahir Pənahov Qazaxıstanda prezident seçkilərini müşahidə edəcək

Bakı, 7 iyun, SalamNews. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun başçılıq etdiyi geniş nümayəndə heyəti 2019-cu il iyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək məqsədilə bu ölkəyə səfər edib.

MSK-dan SalamNews-a verilən məlumata görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının sədri Berik İmaşevin dəvətinə əsasən gerçəkləşdirilən səfər çərçivəsində M.Pənahovun Qazaxıstanlı həmkarı və digər rəsmi şəxslərlə bir sıra görüşlər keçirməsi, ali seçki qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan MSK təmsilçiləri həmçinin, ATƏT/DTİHB, MDB və Türk Şurasının tərkibində də sözügedən seçkilərin müşahidəsinə qatılıblar.

MSK nümayəndələri səsvermə günü paytaxt Nur-Sultanda və bölgələrdə yerləşən seçki məntəqələrində müşahidə aparacaqlar.