DÜNYA » SİYASƏT
11 İyun 2019, 16:47 (GMT +4)

Husilər Səudiyyə Ərəbistanı vətəndaşlarına maraqlı çağırış ediblər

Bakı, 11 iyun, SalamNews, B.Samid. Husilər Səudiyyə Ərəbistanı vətəndaşlarını hərbi qərargahlardan uzaq durmağa çağırıb.

SalamNews  əl-Məsira telekanalına istinadla xəbər verir ki, Ənsarullah hərəkatına tabe olan (husilər) Yəmən Ordusu Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliyinin hücumlarının davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Yəmənin Silahlı Qüvvələrinin (qərargahları paytaxt Sənada yerləşir) sözçüsü briqada generalı Yəhya Səri bu gün verdiyi açıqlamada Səudiyyə Ərəbistanı vətəndaşlarını hərbi qərargahlardan və obyektlərdən uzaq durmağa çağırıb.

"Hava limanının vurulması qarşılığında bir hava limanı vurulacaq. Dişə diş gözə göz olacaq. Vurulacaq hədəflərimiz artacaq və bir neçə coğrafiyada həyata keçiriləcək. Hədəflərin vurulması görüntü ilə isbat ediləcək", deyə yəmənli general Səudiyyə Ərəbistanı vətəndaşlarını hərbi qərargahlar və obyektlərdən uzaq durmağa çağırıb.

Qeyd edək ki, husilər son həftədə Səudiyyə Ərəbistanın strateji hərbi hava qərargahlarını 3 dəfə pilotsuz təyyarələrlə hədəfə alıblar. Yəhya Səri ötən ay bildirib ki, onlar Səudiyyə Ərəbistanı və BƏƏ-nin 300-dən çox strateji və həyati obyektini hədəfə alacaq.