AZƏRBAYCAN » CƏMİYYƏT
12 İyun 2019, 13:24 (GMT +4)

DGK-nın Tibbi Xidmət İdarəsi “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə seminarlar keçirib

Bakı, 12 iyun, SalamNews. Dövlət Gömrük Komitəsinin (DGK) Tibbi Xidmət İdarəsi Türkiyənin məşhur “Florence Nightingale” Xəstəxanalar Qrupu ilə əməkdaşlığı çərçivəsində Mərkəzi Gömrük Hospitalında aparıcı mütəxəssislərin iştirakı ilə müxtəlif mövzular üzrə qarşılıqlı təcrübə mübadiləsi və seminarlar keçirib.

DGK-dan SalamNews-a bildirilib ki, “Florence Nightingale” Xəstəxanalar Qrupunun direktor müavini Sinan Nazif Aranın rəhbərlik etdiyi Türkiyənin 7 nəfərdən ibarət yüksək ixtisaslı mütəxəssislər heyəti müasir tibb sahəsində infeksiya nəzarəti, tibb bacısı xidmətində beynəlxalq standartlar, beynəlxalq akkreditasiya, xəstəxana xidmətlərində keyfiyyətə nəzarət, insan resursları, marketinq və digər sahələr üzrə öz təcrübələrini hospitalın tibb və inzibati idarəetmə heyəti ilə bölüşüb.

Azərbaycan və Türkiyə mütəxəssislərindən ibarət işçi qrupunun görüşlərində müasir tibbi xidmətin hər bir sahəsində ən qabaqcıl dünya təcrübəsinin öyrənilməsinə və tətbiq edilməsinə xüsusi diqqət ayrılıb. Türkiyə mütəxəssisləri Mərkəzi Gömrük Hospitalın tibb və inzibati idarəetmə heyətinin potensialını yüksək qiymətləndirərək müsbət fikirlər söyləyiblər.

Qeyd edək ki, mayın 3-də Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi, “Florence Nightingale” Xəstəxanalar Qrupu və Türkiyənin Demiroğlu Bilim Universiteti arasında üçtərəfli əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində iyundan etibarən Mərkəzi Gömrük Hospitalının tibb bacıları və tibb qardaşları “Florence Nightingale” xəstəxanalarında çalışacaq, eyni zamanda, Türkiyənin Demiroğlu Bilim Universitetində təhsil alacaqlar.