DÜNYA » SİYASƏT
12 İyun 2019, 13:49 (GMT +4)

Səudiyyə Əbha hava limanının husilər tərəfindən vurulduğunu təsdiqləyib: 26 yaralı var

Bakı, 12 iyun, SalamNews, B.Samid. Səudiyyə Ərəbistanı Əbha şəhəri hava limanının husilər tərəfindən vurulmasını təsdiqləyib və bu raket hücumunda 26 nəfərin yaralandığını bildirib.

SalamNews  əl-Ərəbiyyə telekanalına istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanın hərbi koalisiyasının mətbuat katibi general-leytenant Türki əl-Maliki açıqlama verib.

Bildrilib ki, husilərin raket hücumu nəticəsində hava limanının binasının bir qismində dağıntılar baş verib.

Səudiyyə koalisiyası rəsmisi bildirib ki, bu raket hücumunda 26 mülki şəxs yaralanıb.

Qeyd edək ki, Yəmən Ordusu (qərargahı paytaxt Sənada yerləşir) və Xalq Komitələri (husilər) bəyan ediblər ki, onlar ötən gecə kruiz raketi ilə Səudiyyə Ərəbistanın Əbha hava limanını vurublar.

Yəmən Ordusu və husilərin bəyanatında gəlib ki, Yəmənin hava limanları xüsusilə də paytaxt Sənanın hava limanı mühasirəyə, qadağaya və təcavüzə məruz qaldığı halda, Səudiyyə hava limanları da hədəfə alınacaq.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı və koalisiyası 2015-ci ilin martından Yəməndə legitimliyi dəstəkləmək adı ilə bu ölkədə hərbi müdaxiləyə başlayıblar.