AZƏRBAYCAN » CƏMİYYƏT
12 İyun 2019, 16:19 (GMT +4)

Milli parklara giriş pulsuz olacaq (SİYAHI)

Bakı, 12 iyun, SalamNews, K.Orxan. Azərbaycanın milli parklarında iyunun 15-də Milli Qurtuluş günü ilə əlaqədar “açıq qapı” günü keçiriləcək və ziyarətçilər giriş haqqından azad ediləcək. “Açıq qapı” günü səhər saat 09:00-dan saat 18:00-dək davam edəcək.

SalamNews xəbər verir ki, bu barədə ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda ətraf mühitin mühafizəsi və bioloji müxtəlifliyin qorunması istiqamətində də bir sıra tədbirlər həyata keçirildi, xüsusi mühafizə olunan təbiət ərazilərinin sahələri genişləndirildi. Nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan flora və fauna növlərinin qorunub saxlanılması məqsədilə milli parklar, dövlət təbiət qoruqları və dövlət təbiət yasaqlıqları yaradılaraq mühafizə və infrastruktur baxımından inkişaf etdirildi. İlk milli park olan Həsən Əliyev adına Zəngəzur Milli Parkının yaradılması da məhz dahi şəxsiyyətin hakimiyyəti illərinə təsadüf edir. Hazırda Azərbaycanda 10 milli park var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi Qurtuluş günü ilə əlaqədar milli parklara dəvət edir.

1. Zəngəzur Milli Parkı (Naxçıvan MR, Ordubad rayonu)
2. Abşeron Milli Parkı (Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi)
3. Altıağac Milli Parkı (Xızı rayonu, Xələc kəndi)
4. Şahdağ Milli Parkı (Şabran rayonu, Pirəmsən kəndi)
5. Samur-Yalama Milli Parkı (Xaçmaz rayonu)
6. Şirvan Milli Parkı (Salyan rayonu, Yenikənd kəndi)
7. Hirkan Milli Parkı (Lənkəran rayonu, Bürcəli kəndi )
8. Ağgöl Milli Parkı (Ağcabədi rayonu)
9. Göygöl Milli Parkı (Göygöl rayonu, Toğanalı kəndi)
10. Qızılağac Milli Parkı (Lənkəran rayonu, Balıqçılar kəndi )