DÜNYA » SİYASƏT
12 İyun 2019, 17:17 (GMT +4)

Müqtəda Sədr Bəqi məzarlığı ilə bağlı Bin-Salmana çağırış edib

Bakı, 12 iyun, SalamNews, B.Samid. "Mən yenidən Səudiyyə Ərəbistanına və onun vəliəhdi Məhəmməd bin Salmana çağırış edirəm ki, Bəqi qəbirsanlığını yenidən bərpa etsin. Bu işdə Allahın razılığı var və bu addım məzhəb qarşıdurmalarının bitməsinə zəmin yarada bilər"

SalamNews xəbər verir ki, bunu İraqın tanınmış din və siyasi xadimi Müqtəda Sədr deyib.

Rəsmi twitter səhifəsində 8 şəvval Bəqi məzarlığının radikal sələfi birləşmələri tərəfindən dağıdılmasının ildönümünü anan M. Sədr Səudiyyə Ərəbistanı rəhbərliyindən istəyib ki, Bəqi məzarlığını bərpa etsinlər.

"Səkkiz şəvval Səudiyyə Ərəbistanında islamçı iddiasında olan radikal, azğın bir qrup tərəfindən Bəqi qəbirsanlığının dağıdıldığı gündür. Bu hadisədən onlarla il keçib və krallıq radikalların, baş kəsənlərin və cəlladların nəzarətində olub. İndi Səudiyyə Krallığının rəhbərliyi aktiv şəkildə bunu islah etməyə, radikallığı aradan qaldırmağa, məzhəbçiliyə son qoymağa və qonşu ölkələrə digər din və məzhəblərə tolerant yanaşmağa çalışır. Mən yenidən Səudiyyə Ərəbistanına və onun vəliəhdi Məhəmməd bin Salmana çağırış edirəm ki, Bəqi qəbirsanlığını yenidən bərpa etsin. Bu işdə Allahın razılığı var və bu addım məzhəb qarşıdurmalarının bitməsinə zəmin yarada bilər. Allahdan istəyirəm ki hamını saleh əməlləri həyata keçirməkdə və dindaxili dialoqu həyata keçirməkdə müvəffəq etsin.  Dindaxili dialoq ki, məşum üçlük yəni ABŞ, İsrail və Britaniya onun düşməni və regiondakı bütün bəlaların kökləridirlər."