AZƏRBAYCAN » İQTİSADİYYAT
12 İyun 2019, 17:18 (GMT +4)

“Yol hərəkətinin təhlükəsizliyi” və “Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı”na dair müzakirələr aparılıb

Bakı, 12 iyun, SalamNews. İyunun 12-də Bakı Sərgi Mərkəzində Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgisi çərçivəsində "Yol hərəkətinin təhlükəsizliyi" və “Yol Təhlükəsizliyi üzrə Dövlət Proqramı" mövzularında panel müzakirələr aparılıb.

SalamNews xəbər verir, məruzəçi qismində çıxış edən müstəqil ekspert Ərşad Hüseynov ötən il yol təhlükəsizliyi ilə bağlı qəbul edilmiş Dövlət Proqramının əhəmiyyətindən söz açıb. Bildirib ki, sözügedən proqram çərçivəsində müvafiq qurumlar tərəfindən məqdəsyönlü tədbirlər həyata keçirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Anar Sadıqov tədbir iştirakçılarına respublikamızda tikilən avtomobil yollarının keyfiyyəti barədə məlumat verib. Deyib ki, son illər respublikanın bir çox şəhər və regionlarında müasir yol infrastrukturu yaradılıb, yollarda təmir və bərpa işləri görülüb.

Onun sözlərinə görə, agentliyin qarşısında duran əsas vəzifələrdən biri də yol hərəkətinin iştirakçısı olan insanların təhlükəsizliyinin təminidir.

A.Sadıqov əlavə edib ki, bəzi hallarda yol təsərrüfatında baş verən çöküntü və ya dağılma işlərinin təmirinin ləngiməsi bilavasitə agentlikdən deyil, sözügedən yollarda müvafiq iş görən qurumlardan asılıdır.

Dövlət Yol Polisinin nümayəndəsi Mübariz Ağayev bildirib ki, Azərbaycanda yol təhlükəsizliyi ilə bağlı bir çox problemlər Dövlət Proqramı çərçivəsində həllini tapacaq. Proqramda aidiyyatı qurumların hər biri öz öhdələrinə düşən məsələləri həll edəcəklər. Nəticə etibarı ilə son məqsəd insan həyatının qorunmasıdır.

Qeyd olunub ki, bununla bağlı artıq tədbirlər planı da hazırlanıb və yaxın 5 ildə həyata keçiriləcək.

Müzakirə iştirakçıları nəqliyyatın hərəkətinin idarə edilməsi sahəsində mövcud problemləri və tətbiq edilən yenilikləri müzakirə ediblər. Tədbirdə, həmçinin maraqlı suallar cavablandırılıb.