DÜNYA » SİYASƏT
13 İyun 2019, 09:10 (GMT +4)

Həsən Ruhani Yaponiya baş naziri ilə region məsələlərini müzakirə edib

Bakı, 13 iyun, SalamNews, B.Samid. Tehrana səfər edən Yaponiya baş naziri Şinzo Abe prezident Həsən Ruhani ilə görüşüb.

SalamNews İRNA-a istinadla xəbər verir ki, Yaponiya baş naziri və Həsən Ruhani qarşılıqlı əlaqələri və regionun cari məsələlərini müzakirə ediblər.

Məlumata görə tərəflərin əsas müzakirə obyekti İranın nüvə sazişi və Vaşinqton - rəsmi Tehran arasındakı gərginliyin ətrafında cərəyan edib.

Görüşlər və müzakirələrdən sonra Şinzo Abe və Həsən Ruhani mətbuat konfransı keçiriblər.

Şinzo Abe bildirib ki, İran ətrafında davam edən gərginliyin azalmasında ölkəsi təsirli rola malik olmaq istəyir.

Nüvə sazişinin İran, Yaponiya və dünya ictimaiyyəti üçün lazımli olduğunu deyən Şinzo Abe, İslam İnqilabının Ali lideri Ayətullah Xameneinin nüvə silahı haqda verdiyi haram fətvasını da alqışlayıb.

Həsən Ruhani də öz növbəsində nüvə sazişinin öhdəliklərinə əməl edilməsini istəyib və Yaponiyanın bu istiqamətdəki səylərinin və rolunun artmasını istəyib.

Eyni zamanda Həsən Ruhani bildirib ki, ölkəsi heç bir hərbi qarşıdurmada ilk başlayan olmayacaq və əgər İrana təcavüz edilərsə sərt cavab verəcək.

Qeyd edək ki, Şinzo Abenin bu səfəri 41 ildən sonra bir Yaponiya baş nazirinin Tehrana ilk səfəri hesab edilir.