DÜNYA » SİYASƏT
13 İyun 2019, 10:00 (GMT +4)

Yaponiya baş naziri Ayətullah Xameneinin nüvə silahı barədə haram fətvasını alqışlayıb

Bakı, 13 iyun, SalamNews, B.Samid. “Mən sevinirəm ki, İranın ali dini lideri kütləvi qırğın silahının haram olması haqda bir neçə dəfə fətva verib.”

SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu Yaponiya baş naziri  Şinzo Abe Tehranda keçirilən mətbuat Konfransında deyib.

İran prezidenti ilə birgə ötən gün mətbuat konfransına qatılan Ş. Abe dünya ictimaiyyətinin İranla əldə etdiyi nüvə sazişinin əhəmiyyətindən, eləcə də İranın ali dini lideri Ayətullah Xameneinin kütləvi qırğın silahlarının istehsalının haram olması fətvasından danışıb.

 “İslam dini sülh, dözümlülük və tolerantlıq dinidir. İslam dininin mənəviyyatı xüsusilə də “işlərin ən yaxşısı orta yolu və mötədil olanıdır” kəlamı məni çox təsir altında saxlayıb. Mənim üçün sevindirici və möhtərəm qərarlardan biri də Ayətullah Xameneinin dəfələrlə kütləvi qırğın silahı haqda haram fətvası verməsidir”, deyə Yaponiya baş naziri bu fətvanı alqışlayıb.

Qeyd edək ki, Yaponiya baş naziri Tehran səfəri çərçivəsində İranın ali dini lideri Ayətullah Xamenei ilə də görüşəcək.