AZƏRBAYCAN » CƏMİYYƏT
13 İyun 2019, 14:20 (GMT +4)

Nobel mükafatı laureatı UNEC-də tədqiqat mərkəzinə rəhbərlik edəcək

Bakı, 13 iyun, SalamNews. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Harvard Universitetinin professoru Erik Maskin UNEC-də olub.

Universitetdən SalamNews-a verilən məlumata görə, Ümumdünya Gömrük Təşkilatının dəvətilə Bakıda olan Erik Maskin səfər çərçivəsində UNEC-in rəhbərliyi və professor müəllim heyəti ilə görüşüb.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə qonağa universitet barədə ətraflı məlumat verilib. Erik Maskinə UNEC-in elmi tədqiqat yönümlü universitetə çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açan rektor universitetdə iqtisadiyyatın müxtəlif sahələrinin aktual problemlərini araşdıran 30-a yaxın elmi tədqiqat mərkəzinin fəaliyyət göstərdiyini bildirib.