AZƏRBAYCAN » İQTİSADİYYAT
14 İyun 2019, 09:50 (GMT +4)

Dövlət Gömrük Komitəsi blokçeyn texnologiyasının tətbiqinə başlayıb

Bakı, 14 iyun, SalamNews. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) “Maersk” və “IBM” şirkətləri tərəfindən birgə işlənib hazırlanmış, blokçeyn texnologiyasına əsaslanan təchizat zənciri platforması olan “TradeLens”ə qoşulub.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən SalamNews-a bildiriblər ki, bu məqsədlə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakıda təşkil olunan İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisi çərçivəsində tərəflər arasında görüş keçirilib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev bildirib ki, Azərbaycan gömrüyü informasiya texnologiyalarının tətbiqinə xüsusi önəm verir. Bu məqsədlə qurum innovativ layihələr hazırlayıb, həyata keçirir. Qeyd olunub ki, “TradeLens”ə qoşulmaqla Azərbaycan Respublikasının idxal və ixrac əməliyyatlarının səmərəliliyinin artırılması və təhlükəsizliyinin daha da yüksək səviyyədə təmin edilməsi gözlənilir. Dövlət Gömrük Komitəsi hazırda rəqəmsallaşdırma ilə əlaqədar səylərini artırmaq məqsədilə “TradeLens”i qəbul etmək və ondan fəal şəkildə faydalanmaq üçün bütün dünyada çoxsaylı dövlət orqanları ilə əməkdaşlığa başlayır.

Diqqətə çatdırılıb ki, Dövlət Gömrük Komitəsi ölkədə gömrük rəsmiləşdirməsi üzrə bütün aspektlərdə islahatlar aparır və müəyyən edilmiş hədəfə çatmaq üçün innovativ texnologiyalardan istifadə edir. Komitənin əsas məqsədlərindən biri gömrük rəsmiləşdirməsi prosesinin tamamilə avtomatlaşdırılmasıdır. “TradeLens” böyük bir təchizat zənciri platformasıdır və ticarət sektoru üzrə maraqlı tərəflər üçün etibarlı bir platformaya çevrilməkdədir.

“Bütün dünyada gömrük orqanları malların bir nöqtədən digərinə normal qaydada daşınması prosesində mühüm rol oynayır”, - deyən “Maersk GTD”nin baş icraçı direktoru və “TradeLens”in rəhbəri Mayk Vayt bildirib ki, müasir dövrdə müvafiq qaydada məlumat axınının olmaması daşımaların yoxlanılması prosesi üçün önəmli risklər təşkil edir və bununla bağlı ciddi dəyişikliklər edilməsi olduqca zəruridir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ticarətin rəqəmsallaşdırılması üzrə səylərini daha da ciddi şəkildə artırır və biz bununla əlaqədar birlikdə çalışmağı önəmli hesab edirik.

Qeyd edək ki, görüş çərçivəsində Dövlət Gömrük Komitəsinin “TradeLens”ə qoşulması məqsədilə tərəflər arasında sənəd imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini İqbal Babayev, “Maersk GTD” şirkətinin baş icraçı direktoru və “TradeLens”in rəhbəri Mayk Vayt imzalayıblar.