AZƏRBAYCAN » CƏMİYYƏT
24 İyun 2019, 15:02 (GMT +4)

Sumqayıtdakı ticarət mərkəzində baş verən yanğın söndürülüb

Bakı, 24 iyun, SalamNews. Sumqayıtdakı ticarət mərkəzində yanğın baş verib. Hadisə şəhərin Sülh prospektində yerləşən “Maxx” ticarət mərkəzinin anbarında qeydə alınıb.

Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsindən SalamNews-a bildirilib ki, yanğın haqqında məlumat saat 23:21-də daxil olub. Dərhal İdarənin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.

Ümumi sahəsi 2400 kvadratmetr olan üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın anbarın 100 kvadratmetrlik hissəsini əhatə edib. Nəticədə 60 kvadratmetr sahədə geyim əşyaları yanıb. Bununla yanaşı, ticarət mərkəzinin elektrik naqilləri və şəbəkəsi də yanaraq sıradan çıxıb.

Yanğın saat 23:48–də lokallaşdırılıb, alovun digər əraziyə keçməsinin qarşısı alınıb.

Faktla bağlı müvafiq orqanlar araşdırma aparır.