DÜNYA » SİYASƏT
04 İyul 2019, 10:53 (GMT +4)

Fələstin ABŞ-ın vasitəçiliyini və onun planını qəbul etməyəcək – Mahmud Abbas

Bakı, 4 iyul, SalamNews, B.Samid. “Artıq hər şey bitib. Mənamə toplantısı nəticəsiz olduğu kimi ABŞ-ın əsrin sazişi planı da nəticəsiz qalacaq. Amerikanın bu addımlarından sonra onlar vasitəçi rolunu da itiriblər. Biz heç vaxt ABŞ-ın planını qəbul etməyəcəyik.”

SalamNews RT.Arabic-ə istinadla məlumat verir ki, bunu Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas mətbuat konfransında jurnalistlərə verdiyi açıqlamada deyib.

Fələstin Muxtariyyətinin lideri bildirib ki, artıq fələstinlilər ABŞ-ın münaqişə ilə bağlı vasitəçi rolunu eləcə də onun planını qəbul etməyəcəklər.

ABŞ-ın Fələstin və Qüdslə bağlı birtərəfli addımlarını kəskin tənqid edən Mahmud Abbas bundan sonra Amerikanın atmalı olduğu addımları açıqlayıb:

“Tramp Administrasiyası iki dövlətin təsisi prinsipini, Şərqi Qüdsün fələstinlilərin paytaxtı olmasını və Fələstinlə bağlı beynəlxalq qərarları qəbul etməlidir.”

Qeyd edək ki, Tramp Administrasiyasının Fələstinlə bağlı yeni planı və bu plan istiqamətində Bəhreyndə keçirilən toplantıda Fələstin dövlətinin təsisindən, Qüdsün statusundan, fələstinli qaçqınların (5.5 – 6 milyon) öz yurdlarına dönməsindən və fələstinliləri maraqlandıran sair problemlərdən söhbət getməyib. “Əsrin sazişi” adlı bu planın birinci mərhələsində yalnız qaçqın fələstinlilərə yardımdan söhbət açılıb.