AZƏRBAYCAN » İQTİSADİYYAT
09 İyul 2019, 17:40 (GMT +4)

Azərbaycanın beynəlxalq hava limanları 2,4 milyon sərnişinə xidmət göstərib

Bakı, 9 iyul, SalamNews. Azərbaycanın beynəlxalq hava limanlarının sərnişin dövriyyəsi 2019-cu ilin birinci yarısında 2,4 milyon nəfər təşkil etmişdir. Bunun da 2 milyon nəfəri Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşmüşdür ki, bu da ötən ilin analoji göstəricisindən 73 min sərnişin çoxdur.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, Naxçıvan aeroportu 284 min sərnişin ilə sıxlıq üzrə ikinci, Gəncə aeroportu isə 70 minlik sərnişin axını ilə üçüncü olmuşdur.

Göstərilən müddət ərzində baza aviadaşıyıcıları - AZAL və “Buta Airways” müvafiq olaraq 853 min və 234 min sərnişin daşımışdır. Ümumilikdə isə, bu ötən ilin göstəricisindən 57 min nəfər çoxdur.

Bakının hava limanının beynəlxalq uçuşlarda sərnişinlərinin sayı 1,76 milyon təşkil etmişdir ki, bunun da 32,8 faizi AZAL-ın, 13,2 faizi “Buta Airways”in payına düşmüşdür. Göstərilən dövrdə xarici aviaşirkətlərin payı 54 faiz təşkil etmişdir.

Hazırda 31 sərnişin aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna birbaşa aviareys yerinə yetirir. İyun ayı ərzində populyar aviaşirkətlərin beşliyinə AZAL və “Buta Airways” ilə yanaşı “Turkish Airlines”, “Aeroflot” və “FlyDubai” daxil olmuşdurlar.

Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL Qəbələdən və Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.

Paytaxt hava limanı ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə “Skytrax World Airport Awards” versiyasına görə ən yaxşılar siyahısına başçılıq etmiş, həmçinin maksimal “5 Ulduz” statusuna layiq görülmüşdür. 2019-cu ildə Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə 10 milyona qədər sərnişin dövriyyəsi ilə ən yaxşı hava limanı seçilib.