DÜNYA » SİYASƏT
11 İyul 2019, 17:33 (GMT +4)

Britaniya rəsmən etiraf etsin ki ABŞ-ın köləsidir - Cavad Zərif

Bakı, 11 iyul, SalamNews, B.Samid. "Britaniya İran gəmisini quldurluqla ələ keçirib. Gəminin saxlanılması ilə bağlı açıqlamaları da uşaqsayağı və məzhəkə idi. Amerika da onların bu "məhəbbəti"nə yaxşı cavab verdi və bunu rəsmi Londonun səfirini və baş nazirini təhqir etməklə cavablandırdı. Britaniya rəsmən etiraf etsin ki, ABŞ-ın köləsidir."

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran XİN rəhbəri bu gün əl-Məyadinə verdiyi müsahibəsində Britaniya tərəfindən neft gəmisinin saxlanılması məsələsinə aydınlıq gətirib.

Gəminin Britaniya tərəfindən saxlanılmasının oğurluq və quldurluq olduğunu bildirən Cavad Zərif əlavə edib ki, Britaniya bu işi ABŞ-ın sifarişi ilə edib.

İran XİN rəhbəri Britaniyadan istəyib ki, ABŞ-ın köləsi olduğunu rəsmən etiraf etsin.

Qeyd edək ki, ABŞ prezidentinin müşaviri Con Bolton da İran gəmisinin Britaniya tərəfindən saxlanılmasına münasibət bildirib. O vurğulayıb ki, Britaniyanın bu addımı müstəqillik günündə ABŞ-a edilən əsl hədiyyədir.