AZƏRBAYCAN » İQTİSADİYYAT
12 İyul 2019, 15:53 (GMT +4)

İcbari Sığorta Bürosu: I yarımildə 35 ölüm halına görə 138 min manat kompensasiya ödənilib

Bakı, 12 iyul, SalamNews.Bu ilin ilk altı ayı ərzində İcbari Sığorta Bürosunun icraatına qəbul edilmiş 174 kompensasiya tələbindən 98 tələb üzrə kompensasiya icraatı başa çataraq qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya ödənişləri verilib.

Bürodan SalamNews-a ver,ilən məlumata görə, həmçinin 40 kompensasiya tələbi üzrə icraat 2018-ci ildə başlansa da, bu tələblər üzrə icraat 2019-cu ildə başa çatdığından ödənişlər 2019-cu ilə təsadüf edib.

Bildirilib ki, cari ilin ilk 6 ayı ərzində 35 ölüm halına görə 138 000 manat, 18 ağır dərəcəli xəsarət halına görə 28 380 manat, 31 az ağır xəsarət halına görə 43 703,32 manat, 4 halda əlillik dərəcəsinə görə 11 500 manat, 10 halda yüngül dərəcəli xəsarətə görə 6 416,67 manat kompensasiya ödənişi verilib. Ümumilikdə 2019-cu ilin ilk altı ayı üzrə zərərçəkən və üçüncü şəxslərə cəmi 227 999,99 manat kompensasiya ödənişi olunub. 25 kompensasiya tələbi üzrə ödənişin verilməsindən imtina edilib, 51 tələb isə baxılma mərhələsindədir.

2018-ci ilin müvafiq dövrü ərzində 60 ölüm halına görə 233 750 manat, 11 ağır dərəcəli xəsarət halına görə 16 200 manat, 36 az ağır dərəcəli xəsarət halına görə 53 750 manat, 7 halda əlillik dərəcəsinə görə 17 500 manat, 12 halda yüngül dərəcəli xəsarətə görə 8 125 manat, 126 tələb üzrə cəmi 329 325 manat məbləğində kompensasiya ödənişləri verilib.