DÜNYA » SİYASƏT
16 İyul 2019, 11:52 (GMT +4)

Netanyahu İranla bağlı Avropaya xəbərdarlıq edib: Raketləri üzərinizə düşəndə onda bilərsiz

Bakı, 16 iyul, SalamNews, B.Samid. “İranın raketləri Avropanın üzərinə düşməyənə qədər, onlar İranla əldə etdikləri nüvə sazişinin təhlükələrini anlayıb, oyanmayacaqlar.”

SalamNews xəbər verir ki, bunu İsrail baş naziri Benyamin Netanyahu  rəsmi twitter səhifəsində deyib.

Avropa ölkələrinin İranla əldə edilən nüvə saqzişinin qorunub saxlanılması üçün Brüsseldə yenidən bir araya gəlməsini tənqid edən Benyamin Netanyahu bu ölkələri tənqid edib və İranla bağlı onlara xəbərdarlıq etməyə çalışıb.

İsrail baş naziri İranla əldə edilən nüvə sazişini qoruyub saxlamaq istəyən Avropa rəsmilərini yatmışlar adlandırıb və İrandan raketlərin gəldiyi zaman artıq hər şeyin gec olacağını deyib.

“Avropa Birliyinin İranın qanun pozuntularına yol verməsinə münasibəti,  mənə bu ölkələrin 30-cu illərdə faşist rejiminə yumşaq münasibətini xatırladır. Biz İranın nüvə silahına çatmaması üçün hər şeyi edəcəyik”, deyə, ölkəsində onlarla nüvə başlığı olan İsrailin baş naziri İranla bağlı Avropaya xəbərdarlıq edib.