AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
18 İyul 2019, 17:47 (GMT +4)

BDU Braziliya universitetləri ilə yeni əməkdaşlıq əlaqələri qurur

Bakı, 18 iyul, SalamNews. Azərbaycanın Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Bakı Dövlət Universitetində olub.

BDU-nun rektoru Elçin Babayevlə görüşdə Braziliya universitetləri ilə əməkdaşlıq əlaqələri müzakirə edilib.

Səfir Elxan Poluxov 1920-ci ildə təsis edilən Rio-de-Janeyro Federal Universiteti haqqında məlumat verib. Braziliyanın ilk və ən böyük ali təhsil müəssisəsi olan Rio-de-Janeyro Federal Universitetində iqtisadiyyat elmləri, hüquq, fəlsəfə, təsviri sənət, musiqi, ədəbiyyat fakültələrinin, bir neçə tədris və elmi-tədqiqat institutlarının, o cümlədən Qafqazşünaslıq Mərkəzinin fəaliyyət göstərdiyini bildirib.

Rektor Elçin Babayev Rio-de-Janeyro Federal Universiteti və buradakı Qafqazşünaslıq Mərkəzi ilə əlaqələrin qurulmasında maraqlı olduğunu bildirib.

Görüşdə Bakı Dövlət Universiteti ilə Rio-de-Janeyro Federal Universiteti arasında yeni əməkdaşlıq müqaviləsinin imzalanması, birgə tədqiqat işlərinin aparılması, seminar və konfransların keçirilməsi, professor-müəllim heyətinin qarşılıqlı səfərləri kimi məsələlər də müzakirə edilib.