AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
30 İyul 2019, 12:12 (GMT +4)

Tarix İnstitutu Rusiyanın “Voprosı istorii” jurnalı ilə əməkdaşlıq edəcək

Bakı, 30 iyul, SalamNews. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu ilə Rusiyanın “Voprosı istorii” jurnalı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Tarix İnstitutundan SalamNews-a bildirilib ki, müqaviləni institutun direktoru, akademik Yaqub Mahmudov və jurnalın baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Pyotr İsgəndərov imzalayıblar.

Müqaviləyə əsasən, jurnalda institut alimlərinin müntəzəm olaraq məqalələri dərc olunacaq.

Görüşdə Yaqub Mahmudov Azərbaycan ilə Rusiya arasında sıx elmi əməkdaşlığın olduğunu deyib: “Məmnunam ki, Azərbaycan tarix elmindəki yeni araşdırmalar bu jurnal vasitəsilə Rusiya elmi ictimaiyyətinə çatdırılacaq”.

Akademik rusiyalı alimə Tarix İnstitutu barədə ətraflı məlumat verib. Bildirib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla bu elm müəssisəsinə çox yüksək qiymət verib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektidir. Müstəqillik illərində institutda aparılan tədqiqat işləri ilə Rusiya və dünya alimlərinin tanış edilməsi olduqca vacibdir”.

Yaqub Mahmudov “Voprosı istorii” jurnalının redaksiyasına Tarix İnstitutunun rus dilindəki nəşrlərini - “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Real tarix və “böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” və digər kitabları hədiyyə edib.

Xatırladaq ki, institut bundan əvvəl “Sovremennaya nauçnaya mısl” (Rusiya) və “Akademik tarix və düşüncə” (Türkiyə) jurnalları ilə də əməkdaşlıq müqavilələri imzalayıb.