AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
03 Avqust 2019, 15:17 (GMT +4)

ADU-da “CLS Azərbaycan dili” proqramı uğurla yekunlaşıb

Bakı, 3 avqust, SalamNews.Azərbaycan Dillər Universitetində (ADU) bu ali məktəbin və ABŞ Dövlət Departamentinin Amerika Şurasının birgə layihəsi olan “CLS Azərbaycan dili” proqramı uğurla başa çatıb.

ADU-dan SalamNews-a bildirilib ki, bununla əlaqədar keçirilən tədbirdə çıxış edən beynəlxalq əlaqələr üzrə prorektor, dosent Jalə Qəribova amerikalı tələbələrə proqrama qoşulduqları üçün minnətdarlığını bildirib. O deyib: “Ümid edirəm ki, burada vaxtınızı səmərəli keçirdiniz. Azərbaycan dilinin incəliklərini öyrəndiniz və ölkəmizin yeni tərəflərini kəşf etdiniz. Çünki Azərbaycan gündən-günə inkişaf edən, dəyişən ölkədir. Siz bizim universitetin həyatına böyük bir rəng qatdınız. Bu, bizim üçün çox böyük təcrübədir”.

Prorektor iki ay ərzində amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlərə, onların ailələrinə, rezident direktora və ABŞ Dövlət Departamentinin Amerika Şurasına təşəkkür edib.

Amerikalı tələbələrlə iş üzrə rezident direktor İzabel MakRae də işin icrasında yardımçı olan şəxslərə təşəkkür edib və proqram iştirakçılarına uğurlar arzulayıb.

Sonra amerikalı tələbələrə Azərbaycan dilini öyrədən müəllimlər, həmçinin onları evlərində qonaq edən valideynlər öz fikirlərini bildiriblər.

Tədbirdə Azərbaycan dilini öyrənən amerikalı tələbələrin Bakıda və rayonlarda müxtəlif tarixi abidələri ziyarəti zamanı və dərs prosesində lentə alınmış fotoşəkillərdən ibarət videoçarx göstərilib.

Daha sonra amerikalı tələbələr Azərbaycan dilində şeir və hekayələr oxuyub, səhnəciklər göstərib, mahnılar ifa ediblər.

Qeyd edək ki, proqram müddətində ADU-nun rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla tələbələrə multikulturalizm mövzusunda mühazirə oxuyub. Bundan əlavə, Azərbaycan dilini öyrənən amerikalı tələbələr proqram müddətində Yanardağ, Atəşgah, Milli Azərbaycan Tarixi Muzeyi, Şirvanşahlar sarayı, Azərbaycan Milli Xalça Muzeyi və Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olublar. Ölkənin digər regionlarına təşkil olunan səfərlər çərçivəsində tələbələr həmin ərazilərin tarixi abidələri və adət-ənənələri ilə yaxından tanış olublar. İyunun 7-dən başlanmış “CLS Azərbaycan dili” proqramı çərçivəsində 5 amerikalı tələbə 8 həftə ərzində Azərbaycan dilini öyrənib.