DÜNYA » SİYASƏT
08 Avqust 2019, 12:08 (GMT +4)

Rəsmi Dəməşq ABŞ və Türkiyənin Suriyanın şimalı ilə bağlı danışıqlarını kəskin tənqid edib

Bakı, 8 avqust, SalamNews, B.Samid. Rəsmi Dəməşq Türkiyə və ABŞ-ın Suriyanın şimalında təhlükəsiz bölgənin yaradılması ilə bağlı danışıqlar aparmasını, razılığın əldə edilməsi və atılacaq birgə addımları kəskin pisləyib.

SalamNews  əl-Aləmə istinadla xəbər verir ki, Suriya Xarici İşlər Nazirliyi Türkiyə və ABŞ-ın ölkənin şimalında təhlükəsizlik bölgəsinin yaradılması ilə bağlı danışıqları kəskin tənqid edib və hər iki dövləti işğalçı adlandırıb.

Suriya XİN rəhsmi mənbələri bildiriblər ki, Türkiyə və ABŞ-ın barəsində danışıq apardıqları "təhlükəsiz bölgə" planı ölkənin ərazibütövlüyü, vahidliyi və suverenliyinə qarşı açıq-aşkar təcavüz, eyni zamanda beynəlxalq qərarlar və konvensiyalara ziddir.

Suriya XİN mənbələrinin açıqlamasında əlavə edilib ki, bu ölkənin ordusu ölkənin ərazibütövlüyü və suverenliyini təmin etmək üçün həm Türkiyənin həm də ABŞ-ın dəstəklədiyi terror qruplaşmaları ilə mübarizəni sona qədər davam etdirəcək.

Qeyd edək ki, Türkiyə Suriyanın şimalında xüsusilədə Fəratın şərqində separatçı kürd bölmələrinə qarşı hərbi əməliyyatlara başlamaq fikrini açıqlayandan sonra ABŞ rəsmiləri məsələ ilə bağlı rəsmi Ankara ilə danışıqlara başladıqlarını və ortaq məxrəcə gəldiklərini bildiriblər.