DÜNYA » SİYASƏT
10 Avqust 2019, 16:08 (GMT +4)

Suriyanın şimalında qruplaşmaların hücumu nəticəsində ordunun 10 əsgəri həlak olub

Bakı, 10 avqust, SalamNews, B.Samid. Radikal qruplaşmaların Həma əyalətinin şimalında hücumu nəticəsində Suriya ordusunun 10 əsgəri həlak olub və daha 21-i yaralanıb.

SalamNews RT.Arabic-ə istinadla xəbər verir ki, bunu Rusiyanın Suriyadakı Sülh Mərkəzi bildirib.

Mərkəzin məlumatına görə bu gün radikal terror qruplaşmaları Həma əyalətinin şimalında Əbu-Dali qəsəbəsi ətrafını raketlərlə hədəfə alıblar. Daha sonra isə qruplaşmalar adıçəkilən məntəqəyə hücum ediblər.

Radikal qruplaşmaların bu hücumu ümumilikdə Suriya Ordusunun 10 əsgərinin ölməsinə və 21-nin yaralanmasına səbəb olub.

Eyni zamanda SANA agentliyi bildirib ki, qruplaşmalar, Raşidin qəsəbəsi ərazisindən Hələb şəhərinin qərb rayonlarını raketlərdən və minaatanlardan hədəfə alıblar. Bu hücumda 6 nəfərin yaralandığı deyilib.

Qeyd edək ki, Suriya Ordusu hazırda Həma əyalətinin şimalı və İdlib əyalətinin cənubunda "ən-Nusra Cəbhəsi" terror qruplaşması və onunla müttəfiq qruplaşmalara qarşı hərbi əməliyyatları davam etdirir.