AZƏRBAYCAN » DİN
11 Avqust 2019, 23:45 (GMT +4)

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur

Bakı, 11 avqust, SalamNews, B.Samid. Bu gün dünyanın bir çox ölkələrində, eləcə də Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur.

SalamNews xəbər verir ki, hicri-qəməri tarixi ilə bu gün zilhiccə ayının 10-u Qurban bayramı günüdür.

Qurban bayramının tarixi hətta islamdan öncəki dövrə aiddir. Həzrət İbrahim (ə) ömrünün ahıl çağına çatdıqda Allah-təala ona bir oğul bəxş etdi. Bu, gələcək peyğəmbər İsmail (ə) idi. Mütəal Allah uzun bir gözləmə və həsrətdən sonra İbrahimə verdiyi övladla peyğəmbərini imtahana çəkmək istədi. İbrahimə övladını bitki bitməyən səhraya buraxmağı əmr etdi.

İbrahim Allahın əmrinə ləbbeyk deyərək, uşağı (İsmayıl peyğəmbər) və anası Hacəri indiki Məkkə səhrasında boşladı. Uşaq və anası çoxsaylı ilahi möcüzələrin sayəsində burada sağ qaldı.

İyirmi il sonra İbrahim bura dönəndə onları sağ salamat gördü. Birinci imtahandan çıxan İbrahimi Allahı ikinci dəfə imtahana çəkdi və ona, illər sonra qovuşduğu balasını qurban kimi kəsməyi əmr etdi.

Qurani-kərim bu hadisəni bizə belə bəyan edir: "İbrahim müqəddəs torpağa yetişdikdə dua edib dedi:"Ey Rəbbim" Mənə salehlərdən olan bir övlad bəxş et!" Biz də ona həlim xasiyyətli bir oğlan uşağı (İsmail) ilə müjdə verdik. O, yüyürüb-qaçmaq və atasına kömək edə bilmək çağına yetişdikdə İbrahim dedi: "Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax, gör, bu barədə nə fikirləşirsən?" O dedi: "Atacan" Sənə nə əmr olunursa, onu da et. İn şa Allah, mənim səbrlilərdən olduğumu görəcəksən!" Onların hər ikisi Allahın əmrinə təslim olduğu və İbrahim İsmaili qurban kəsmək üçün üzü üstə yerə yıxdığı zaman Biz ona belə xitab etdik: " Ey İbrahim! Artıq sən röyanın düzgünlüyünü (Allah tərəfindən olduğunu) təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Şübhəsiz ki, bu, açıq-aydın bir imtahan idi." Biz ona böyük bir qurbanlıq əvəz verdik. Sonradan gələnlər arasında onun üçün yaxşı ad, gözəl xatirə qoyduq. İbrahimə salam olsun! Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi. Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik." ("Səffat" surəsi, 100-112).

Beləliklə, həmin hadisədən etibarən, Allah yolunda heyvan qurban kəsmək ibadət növlərindən biri sayıldı. Bu hadisənin əzəmətini nəzərə alaraq, Allah həcc ziyarətinə gedənlərə qurban kəsməyi vacib etdi. İmtaham çətin imtahan olduğundan İbrahim və İsmayılın adı və onların qurbanlıq həyatı tarixə düşdü. Beləcə Allah vəd etdiyi kimi (Saffat 100-112) indi İbrahimlə İsmayılın qurbanlıq həyatını bizlər anmağa çalışırıq.

SalamNews Qurban bayramı münasibətilə bütün müsəlmanları təbrik edir!