DÜNYA » DİN
10 Avqust 2019, 19:24 (GMT +4)

Əhli-beyt Cəmiyyəti zilhiccə ayı ilə bağlı Moskva İslam Mərkəzində silsilə tədbirlərə başlayıb (FOTO)

Bakı, 10 avqust, SalamNews. Moskvada yerləşən İslam Mərkəzi zilhiccə ayı, qurbanlıq, Qədiri-xum və digər dini əlamətdar günlərlə bağlı silsilə tədbirlərə start verib.

SalamNews  xəbər verir ki, müsəlmanların beşinci imamı İmam Baqirin (ə) şəhadət günü ilə bağlı Əhli-beyt cəmiyyətinin təşkilatçılığı ilə Moskva İslam Mərkəzində tədbir keçirilib. Tədbir din alimi höccətül-islam Təhmasibinin çıxışı ilə başlayıb. Daha sonra Əhli-beyt cəmiyyətinin sədri hacı Nizami Baloğlanov zil-hiccə ayı ərzində cəmiyyətin və islam mərkəzinin keçirəcəyi dini tədbirlərlə bağlı məlumat verib.

Bildirilib ki, İmam Baqirin (ə) şəhadətindən sonra, ərəfə günündə ərəfə duası, qurban bayramında qurban namazının qılınması, digər günlərdə isə Qədiri-Xum bayramı, İmam Əliyyən Nəqinin (ə) mövludu, mübahilə günü və sair dini tədbirlər keçiriləcək.

Əlavə edilib ki, yaxın zamanlarda bu cəmiyyət sözügedən mərkəzdə Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl, Qubadlı və Fizuli rayonlarının işğal edilməsi məsələsini də işıqlandıracaq və bu barədə tədbirlər təşkil edəcək.

Hacı Nizami Baloğlanovun sözlərinə görə zilhiccədən sonra gələn Məhərrəm ayı ilə bağlı bu mərkəzdə özəl tədbirlər təşkil olunacaq və inanclılar maarifləndiriləcəklər.