DÜNYA » SİYASƏT
14 Avqust 2019, 11:55 (GMT +4)

İraq baş naziri İran və Britaniya arasında vasitəçilik etməyə başlayıb

Bakı, 14 avqust, SalamNews, B. Samid. İraq baş naziri Adil Əbdül-Mehdi İranla Böyük Britaniya arasında neft gəmilərilə bağlı yaranan gərginliklərin aradan qaldırılması üçün vasitəçilik etməyə başlayıb.

SalamNews  əl-Məyadin telekanalına istinadla xəbər verir ki, bu barədə İraq rəsmi mənbələri məlumat veriblər.

Telekanal İraq rəsmi mənbələrinə istinadla bildirib ki, baş nazir Adil Əbdül-Mehdi İranla Britaniya arasında neft gəmilərilə bağlı gərginliyi aradan qaldırmaq və gəmilərin sərbəst buraxılması üçün vasitəçilik edib.

Mənbə bildirib ki, Adil Əbdül-Mehdi Tehrana son səfərində britaniyalıların mesajını İrana çatdırıb.

Qeyd edək ki, İraqın adıçəkilən iki ölkə arasında vasitəçilik etməsi xəbərini bundan öncə Nəcəf şəhərinin imam-cüməsi Seyid Sədrəddin Qəbaniçi də bildirmişdi.

Bu arada İran KİV-ləri məlumat veriblər ki, Cəbəli-Tariq sahilinə yaxın sularda saxlanılan İran neft gəmisi buradan hərəkət etməsi haqda Mərakeş limanlarına mesaj göndərib. Bu xəbər rəsmi təsdiqini tapmayıb.

Xatırladaq ki, İran da Britaniyanın addımına cavab olaraq, ötən ay bu ölkənin bir neft gəmisini Hörmüz boğazında saxlayıb.