AZƏRBAYCAN » MƏDƏNİYYƏT
17 Avqust 2019, 11:26 (GMT +4)

Xalq artisti Müslüm Maqomayevin doğum günüdür

Bakı, 17 avqust, SalamNews. Bu gün görkəmli Azərbaycan və Sovet opera və estrada müğənnisi, bəstəkar, SSRİ və müstəqil Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin doğum günüdür.

SalamNews-un məlumatına görə, Müslüm Məhəmməd oğlu Maqomayev 1942-ci ildə Bakıda anadan olub.

O, Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 19 yaşında Helsinkidə Gənclər Festivalının qalibi olub. 1969-cu ildə Sopot (Polşa) beynəlxalq mahnı festivalının baş mükafatını qazanıb. İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. Azərbaycan Opera və Balet Teatrının solisti, Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbəri olub. Sənətkar keçmiş SSRİ-nin bir çox təltiflərinə, müstəqil Azərbaycanın "Şöhrət" və "İstiqlal" ordenlərinə layiq görülüb.

Görkəmli müğənni 2008-ci il oktyabrın 25-də Moskvada vəfat edib.