DÜNYA » SİYASƏT
17 Avqust 2019, 16:51 (GMT +4)

Səudiyyə Ərəbistanı iki mühüm neft təsisatının husilərin hücumuna məruz qaldığını etiraf edib

Bakı, 17 avqust, SalamNews, B. Samid. Səudiyyə Ərəbistanı ölkənin şərqində BƏƏ ilə sərhəddə yerləşən iki neft təsisatının husilər tərəfindən vurulduğunu etiraf edib.

SalamNews Səudiyyə Ərəbistanın dövlət xəbər agentliyi VAS-a istinadla xəbər verir ki, bu barədə ölkənin enerji naziri Xalid bin Əbdüləziz əl-Faleh məlumat verib.

Bildirilib ki, ölkənin ARAMCO şirkətinin "əş-Şəyba" neft yatağı və neft emalı zavodu husilərin pilotsuz təyyarələrinin hücumuna məruz qalıb. Hücum nəticəsində yanğınlar baş versə də onun qarşısı alınıb.

Qeyd edək ki, Husilər Səudiyyə Ərəbistanın Birləşmiş Əmirliyi ilə sərhədində yerləşən bir neft yatağı və bir neft emalı zavodunu pilotsuz təyyarələrlə hədəfə aldıqlarını bildiriblər. Onlar bildiriblər ki, bu hücum Səudiyyə daxilində PUA-larla həyata keçirilən ən ciddi hücumdur.