DÜNYA » SİYASƏT
20 Avqust 2019, 09:58 (GMT +4)

Netanyahu Kiyev hava limanında çörəklə bağlı baş verən insidenti zarafata çevirib

Bakı, 20 avqust, SalamNews. İsrailin Baş naziri Benyamin Netanyahu, Ukraynaya hörmət əlaməti olaraq həyat yoldaşı Saranın Kiyevə səfəri üçün xüsusi olaraq sarı və mavi paltar seçdiyini söyləyib və "Boryspol" hava limanında baş verən insidenti "diqqəti cəlb etməyin yolu" adlandırıb.

"Mən Ukraynaya tarixi səfər etdim. Ancaq "çörəklə bağlı insident olmasaydı" bu səfərin mətbuatda işıqlandırılacağından şübhə edirəm", Netanyahu bildirib.

Netanyahu xanımının Ukraynaya hörmətsizlik göstərmək niyyətində olmadığını söyləyib.

"Üstəlik, sizə deyim, o, xüsusi olaraq Ukraynanın milli rəngli paltarlarını seçdi. O təyyarədən Ukrayna xalqına hörmət əlaməti olaraq sarı-mavi geyimdə çıxdı", o deyib.

SalamNews xəbər verir ki, hava limanında qarşılanma mərasimi zamanı ənənəyə uyğun olaraq Benyamin Netanyahuya duz-çörək təqdim edilib. Çörəkdən bir tikə qıran Netanyahu daha sonra onu xanımına verib. Sara Netanyahu isə çörək tikəsini yerə atıb.