DÜNYA » SİYASƏT
24 Avqust 2019, 16:22 (GMT +4)

İraq təhlükəsizlik qüvvələri ölkə səhrasında İŞİD-in məxfi sığınacaqlarına qarşı əməliyyata başlayıblar

Bakı, 24 avqust, SalamNews, B.Samid. İraq Ordusunun quru və hava qüvvələri, Haşd-Şabi və Federal Polis qüvvələri əl-Ənbar əyaləti səhrasında İŞİD-ə qarşı hərbi əməliyyata başlayıblar.

SalamNews Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraq təhlükəsizlik qüvvələri "Qələbə İradəsi" adlı hərbi əməliyyatın dördüncü mərhələsinə start veriblər.

Sözügedən əməliyyatın dördüncü mərhələsinə əsasən ölkənin əl-Ənbar səhrasında İŞİD-in bütün sığınacaqları aşkarlanmalı və məhv edilməlidir.

Məlumata görə artıq İraq səhrasının Suriya ilə sərhədi zolağında 5 kənd təmizlənib.

Qeyd edək ki, İŞİD 2014-cü ilin yayında İraqın üçdə bir hissəsini zəbt etsə də 2017-ci ilin sonu və 2018-ci ilin əvvəli terror təşkilatı ölkədəki coğrafi mövqelərini itirdi. Terror təşkilatı bundan sonra ucqar və gərginliyin hökm sürdüyü zonalarda gizli sığınacaqlarından çıxaraq ara-sıra terror hücumları həyata keçirir.