DÜNYA » SİYASƏT
27 Avqust 2019, 12:07 (GMT +4)

Bəhreyn İsrailin İraq, Suriya və Livana aviazərbə endirməsini özünümüdafiə adlandırıb

Bakı, 27 avqust, SalamNews, B.Samid.  Bəhreynin xarici işlər naziri Xalid bin Əhməd İsrailin İraqa, Suriya və Livana endirdiyi hava zərbələrini özünümüdafiə adlandırıb və onun qınanılmasına lüzum görmədiyini bildirib.

SalamNews  xəbər verir ki, Bəhreyn XİN rəhbəri Xalid bin Əhməd bunu rəsmi twitter səhifəsində yazıb.

Bəhreyn XİN rəhbəri son günlərdə İsrailin İraqda Haşd-Şabiyə, Livan və Suriyada Hizbullaha və Suriya mövqelərinə endirilən hava zərbələrinə ilginc münasibət bildirib və bunu özünümüdafiə adlandırıb.

"İran bizə qarşı müharibə elan edib. İran bunu Sepahı ilə, livanlı Hizbullahı, İraqdakı Haşd-Şabisi Yəməndəki husiləri və qeyrilərilə (HƏMAS) edir. Ona görə buları vuranlar və silah-sursatlarını sıradan çıxaranlar qınanmaz. Bu özünümüdafiədir", deyə Bəhreyn XİN rəhbəri İsrailin bölgədəki hava zərbələrilə bağlı iddialarını yenidən təkrarlayıb.

Qeyd edək ki, Bəhreynin XİN rəhbəri bundan öncə İsrailin Suriya Ordusu mövqelərini vurmasını da özünümüdafiə adlandırmışdı.