AZƏRBAYCAN » İQTİSADİYYAT
30 Avqust 2019, 16:19 (GMT +4)

Bu il Azərbaycana dünyanın 187 ölkəsindən turist gəlib

Bakı, 30 avqust, SalamNews, K.Orxan. 2019-cu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 187 ölkəsindən 1777,4 min və ya 2018-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 7,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

SalamNews xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, bu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların sayının 10,6 faiz  artmasına paralel olaraq onların bank kartları vasitəsi ilə xərcləmələrində də artım müşahidə edilib.

Belə ki, 2019-cu ilin iyul ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 134,6 milyon manat təşkil edib və ötən ilin iyul ayı ilə müqayisədə 7 faiz artıb.

Ümumilikdə isə 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri  725,4 milyon manat təşkil edib.