DÜNYA » SİYASƏT
03 Sentyabr 2019, 15:28 (GMT +4)

Yaponiya ABŞ-ın Hörmüzlə bağlı hərbi ittifaqına qatılmayacaq - KİV

Bakı, 3 sentyabr, SalamNews, B.Samid. Yaponiya ABŞ-ın Hörmüzdə "dəniz nəqliyyatının təhlükəsizliyi üçün" yaratmaq istədiyi ittifaqa qatılmayacaq.

SalamNews  Reuters-ə istinadla xəbər verir ki, bu barədə Yaponiyanın ən tanınmış mətbu orqanı "Yomiuri Shimbun" qəzeti ölkə rəsmilərinə istinadla məlumat yayıb.

Qəzet bu günkü sayında dərc edib ki, Yaponiya ABŞ-ın "Hörmüzdə ticarət və neft gəmilərini qorumaq" məqsədilə təşkil etmək istədiyi koalisiyaya qatılmayacaq.

Bu açıqlamada bildirilib ki, Yaponiya bu addımı müstəqil şəkildə həyata keçirəcək.

Bundan öncə Almaniya və İpaniya kimi dövlətlər də "Hörmüz boğazında nəzarəti bərpa etmək" məqsədilə ABŞ-ın irəli sürdüyü hərbi ittifaq təklifini qəbul etməyiblər.

Qeyd edək ki, son aylarda Fars Körfəzi və Oman dənizində neft gəmilərinin hədəfə alınması, qarşılıqlı şəkildə müxtəlif ölkə gəmilərinin o cümlədən İran və Britaniya gəmilərinin saxlanılmasından sonra ABŞ hökuməti Hörmüzdə "dəniz nəqliyyatının təhlükəsizliyini təmin etmək üçün" hərbi ittifaq və ya hərbi şuranın yaradılmasını təklif edib. ABŞ hökuməti bildirib ki, bu istiqamətdə 60 ölkəyə təklif göndərilib.

Bildirək ki, BMT konvensiyalarına əsasən Hormüz boğazından müxtəlif gəmilərin keçməsi, İran və Oman Sultanlığının təhlükəsizliyinə zərbə vurmayacağı təqdirdə azad və sərbəst hesab olunur.