AZƏRBAYCAN » MƏDƏNİYYƏT
04 Sentyabr 2019, 15:31 (GMT +4)

Qazaxıstanda Yazıçılar Forumu işə başlayıb

Bakı, 4 sentyabr, SalamNews.Bu gün Nur-Sultan şəhərində Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin də iştirak etdiyi "Yazıçılar Forumu" işə başlayıb.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən SalamNews-a verilən xəbərə görə, "Birgə köklər, birgə dünyaya baxış, birgə sivilizasiya" devizi altında keçirilən birinci forumda Nobel laureatları da daxil olmaqla bir sıra məşhur yazıçılar iştirak edib.

Çıxışda Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev bildirib ki, Asiya ölkələri xalqların birliyini qorumaq üçün birləşməlidir. Eyni zamanda, prezident "Asiya nəhəngi" adlı ədəbiyyat mükafatını da təsis etməyə təklif edib.

Birinci dəfə keçirilən Forumda ədəbiyyatla bağlı müxtəlif məsələlərin müzakirə olunması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycandan bu Forumda Yazıçılar Birliyinin sədri Anar Rzayev, qurumun mətbuat katibi Xəyal Rza iştirak edir.