DÜNYA » SİYASƏT
09 Sentyabr 2019, 14:23 (GMT +4)

İran nüvə təsisatlarında yeni nəsil sentrifuqa cihazları qurşadırmağa başlayıb

Bakı, 9 sentyabr, SalamNews, B.Samid. İran nüvə sazişində qalan 4+1 ölkələrinə xəbərdarlıq əlaməti olaraq atdığı üçüncü addım çərçivəsində bəzi təsisatlarında yeni nəsil sentrifuqa cihazları quraşdırmağa başlayıb.

SalamNews Mehr Agentliyinə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyi bəyanat verib.

Təşkilat bildirib ki, İran növbəti xəbərdarlıq addımı fonunda bəzi təsisatlarında uranın zənginləşdirilməsi üçün istifadə edilən yeni nəsil sentrifuqa cihazları quraşdırmağa başlayıb.

Əlavə edilib ki, İran yeni addım çərçivəsində 22 ədəd İR4, bir ədəd İR5 və 30 ədəd İR6 sentrifuqa cihazı quraşdırıb.

Xatırladaq ki, ABŞ-ın nüvə sazişindən çıxması və İrana qarşı birtərəfli sanksiyaya başlamasından sonra 4+1 ölkələri İrana neftin satışı və maliyyə köçürmələrilə bağlı vədlər veriblər. Bu vədlər həyata keçmədiyi üçün İran ilk xəbərdarlıq addımları çərçivəsində uranın zənginləşdirilməsinin miqdarını və dərəcəsini, eləcə də "ağır su"yun istehsalını artırıb. İran atdığı üçüncü addımdan sonra Avropaya ölkələrinin öhdəsinə düşən öhdəliklərlər bağlı xəbərdarlıq edib və iki ay möhlət verib. Rəsmi Tehran sazişdəki öhdəliklərinin azaldılması ilə atılan addımların nüvə sazişinin öz müddəalarına əsasən həyata keçirildiyini bəyan edib.