DÜNYA » SİYASƏT
16 Sentyabr 2019, 09:41 (GMT +4)

Tramp Səudiyyədə neft təsisatlarına hücuma münasibət bildirib: Bilirik kim edib

Bakı, 16 sentyabr, SalamNews, B.Samid. "Səudiyyə Ərəbistanında neft təsisatları hücuma məruz qalıb. Bizim bildiyimiz səbəb var və bunu kim edib bilirik. Amma bu barədə Səudiyyə krallığının araşdırmasının nəticələrini bilmək istəyirik. Ondan sonra vəziyyətə uyğun addımların nə olduğunu biləcəyik."

SalamNews xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp rəsmi twitter səhifəsində yazıb.

ABŞ prezidenti Səudiyyənin Abqaiq neft təsisatlarına hücuma münasibət bildirərək, yazıb ki, onun hökuməti hücumun kimlər tərəfindən törədildiyini bilir, lakin Səudiyyə tərəfinin araşdırmasını gözləyir.

Qeyd edək ki, bundan öncə ABŞ dövlət katibi Mayk Pompeo hücumun arxasında İranın durduğunu bildirib.

Xatırladaq ki, husilər ötən həftənin şənbə günü Səudiyyənin Yəmənə hücumlarına cavab olaraq, Abqaiq neft təsisatına hücumu həyata keçirildiyini bildiriblər. Bundan sonra neftin qiymətində 15-19 faiz artım müşahidə edilib.