AZƏRBAYCAN » İQTİSADİYYAT
25 Sentyabr 2019, 20:56 (GMT +4)

"AQROSKOP" jurnalının təqdimat mərasimi keçirilib

Bakı, 25 sentyabr, SalamNews. Azərbaycanda yeni "AQROSKOP" adlı jurnalın təqdimat mərasimi baş tutub. Jurnalda bu günədək fermerliklə məşğul olmayan sahibkarlara yeni biznes üfüqlərini yaratmağa səbəb ola biləcək sərmayə ideyaları var.

SalamNews xəbər verir ki, bu barədə jurnalın baş redaktoru Sima Çələbi məlumat verib. O bildirib ki, insanların qida ehtiyaclarının təmin olunmasında əvəzsiz rolu olan bu peşənin sahibləri zaman-zaman gördükləri işin keyfiyyətini artırmaq, fərdi bizneslərini genişləndirmək üçün müasir texnologiya və bu sahədə inkişafa zəmin yaradan yeniliklərlə ayaqlaşmaq məcburiyyətindədir. "Onilliklər öncə sahənin monitorinqi aparılmadan əkin edərək, biçimdə əl arabası kimi alətlərdən istifadə olunurdu. Bu gün hər bir azərbaycanlı fermer kosmosdan çəkilən görüntülər, həmçinin PUA-lardan yararlana bilər.

Biçim prosesi - itkilərin və əlavə xərclərin azalmasına səbəb olan yeni texnoloji avadanlıqlar vasitəsilə daha əlçatandır. Bizim ali məqsədimiz sahəsinin öncül mütəxəssislərinin biliklərindən yararlanaraq, oxucuların rahatlıqla faydalana bilməsi üçün dəstək olmaqdır. Hədəfimiz-əsrlərə söykənən əkinçilik və heyvandarlıq tarixi olan bir xalq kimi zamanla ayaqlaşmaq yox, ondan öndə olmaqdır.

Fermerlik - yaradıcılıqdır. Hər sahibkarın bu yolda özəl hekayəsi var-arzularında başlayıb, masalarımızda bitən".- deyə baş redaktor əlavə edib. Sima Çələbi həmçinin qeyd edib ki, jurnal vasitəsi ilə kiçik ideyadan nəhəng biznesə çevrilən yollara vizual səyahət etmək mümkündür.

"AQROSKOP" jurnalının bu və nöbvəti saylarından yararlanaraq ölkəmizdə istifadə oluna biləcək dünya trendlərindən, gələcəyə hədəflənən kənd təsərrüfatının innovativ yeniliklərindən xəbərdar olacaqsınız.

Jurnal heç bir kommersiya məqsədi olmadan rüblük 5 min nüsxədə çap olunacaq. Ölkənin bütün regional Dövlət Aqrar İnkişaf Mərkəzlərindən əldə edə bilərsiniz.

Qeyd edək ki, müəlliflər sahələrinin öncül mütəxəssisləridir.