AZƏRBAYCAN » İQTİSADİYYAT
26 Sentyabr 2019, 17:23 (GMT +4)

İlin sonuna qədər Bakıətrafı kənd və qəsəbələrə yeni avtobuslar xəttə buraxılacaq

Bakı, 26 sentyabr, SalamNews, K.Orxan. Yeni avtobusların gətirilməsi və qovşaqların (HAB) yaradılması ictimai nəqliyyatda qiymət artımına səbəb olmayacaq.

SalamNews xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, hazırda ölkəyə gətirilən yeni avtobusların hansı istiqamətlər üzrə istifadəyə veriləcəyi müzakirə olunur.

"Avtobuslar əsasən Bakıətrafı kənd və qəsəbələrə xüsusilə ən çox şikayət olunan istiqamətlərə veriləcək. Qala-Pirallahı, Mərdəkan, Bilgəh, Buzovna, Məştağa, Pirşağı istiqamətlərinə yeni avtobusların verilməsi nəzərdən keçirilir", - M. Ağayev bildirib.

O deyib ki, ilin sonuna qədər avtobusların gətirilib xəttə buraxılması yekunlaşdırılacaq.

"Daşıyıcılar tərəfindən də yeni avtobuslar gətirilir. Son 3 ildə daşıyıcılar tərəfindən 200 avtobus gətirilib, 1500 avtobus təmir olunub. Onlar hər avtobusu gətirə bilməz. Avtobuslar Nazirlər Kabinetinin tələblərinə cavab verməlidir", - Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi qeyd edib.

M.Ağayev bildirib ki, Bakı Şəhər İcra Hakimiyyəti ilə təhvil-təslim işləri aparıldığı üçün bəzi dayanacaqlarda təmizlik təmin oluna bilmirdi: "Hazırda dayanacaqlar hər gün yuyulur. Lakin vətəndaşlar tərəfindən təmizliyə riayət olunmur. Dayanacaqlarda müxtəlif iş, alqı-satqı elanları yapışdırılır".