AZƏRBAYCAN » İQTİSADİYYAT
27 Sentyabr 2019, 13:27 (GMT +4)

Bakının Asif Məhərrəmov küçəsində hərəkət məhdudlaşdırılacaq

Bakı, 27 sentyabr, SalamNews.Aparılan təmir işləri ilə əlaqədar bu gecədən Bakının Nəsimi rayonunun Asif Məhərrəmov küçəsinin Ceyhun Səlimov küçəsi ilə kəsişməsindən (3-cü mikrorayon dairəsi) 20 Yanvar küçəsi ilə kəsişməsinə qədər olan istiqamətində avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılacaq.

SalamNews xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu səbəbdən sözügedən küçənin 20 Yanvar küçəsi ilə kəsişməsindən Ceyhun Səlimov küçəsi ilə kəsişməsinədək olan hissəsində ikitərəfli hərəkət təmin olunacaq.

“Sürücülərdən xahiş olunur ki, qeyd olunan ərazidə sıxlıq yaranmasın deyə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik”, - qurum bəyan edib.