DÜNYA » SİYASƏT
03 Oktyabr 2019, 09:14 (GMT +4)

İraqda aksiyalar zamanı ölənlərin sayı 10-u keçib - Bir neçə hökumət binası yandırılıb

Bakı, 3 oktyabr, SalamNews, B.Samid. Son 2 gündə İraqın müxtəlif bölgələrində iqtisadi vəziyyətlə bağlı baş qaldıran etiraz aksiyalarında ölənlərin sayı 10-u keçib.

SalamNews Sumariya agentliyinə istinadla xəbər verir ki, son iki günün aksiyalarında Bağdadda 4, Ziqar əyalətində 5, digər əyalətlərdə isə 2 nəfər ölüb.

Ötən gündə də Bağdadda və bir çox şəhərlərdə etirazçılar hökumət binalarına daxil olmağa cəhd ediblər.

Nəcəf şəhərində etirazçılar bir hökumət binasında eləcə də şiə siyasi cinahları hesab edilən "əl-Hikmə" və "əd-Dəvət" partiyalarının binalarında yanğınlar törədiblər.

Ziqar əyalətinin valilik binası yandırılıb.

Etirazçıların tələblərini və cari prosesləri müzakirə etmək üçün İraqın İcra, Məhkəmə və Qanunvericilik Hakimiyyətləri rəsmilərindən ibarət birgə komossiya yaradılıb.

İraqın dini-siyasi xadimləri o cümlədən son parlament seçkilərinin əsas qalibi olan "Sairun" fraksiyasının sədri Müqtəda Sədr etiraz aksiyalarının dinc şəkildə keçirilməsini istəyib.