AZƏRBAYCAN » CƏMİYYƏT
04 Oktyabr 2019, 15:42 (GMT +4)

Gömrük Hospitalının nümayəndə heyəti Türkiyənin məşhur Xəstəxanalar Qrupunda olub

Bakı, 4 oktyabr, SalamNewsMərkəzi Gömrük Hospitalının nümayəndə heyəti Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunun Xəstə Xidmətləri işinin təşkili ilə tanış olub

Mərkəzi Gömrük Hospitalının baş həkimin müavini Ceyla Əhmədxanova, Xəstə Xidmətləri şöbəsinin rəisi Gülşən Məmmədova və PR mütəxəssis Dilara Zamanova 1-4 oktyabr 2019-ci il tarixlərində Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda işgüzar səfərdə olublar. Nümayəndə heyəti qrupun çağrı mərkəzinə, poliklinika, intensiv terapiya və PR şöbələrinə baxış keçirib.

Mərkəzi Gömrük Hospitalının nümayəndə heyətinin üzvləri Florence Nightingale Xəstəxanalar Qrupunun Xəstə Xidmətləri şöbəsinin direktoru Behram Doğan, Xəstə Xidmətləri şöbəsinin müdiri Nihan Derici, Beynəlxalq şöbənin regional direktoru Fuad Ağazadə, PR menecer Eylem Kese Aslan, Rəqəmsal Marketinq şöbəsinin müdiri Berk Özdem və Satış departamentinin direktoru Tevfik Kazancioglu ilə görüşlər keçiriblər.

Görüşlərdə Florence Nightingale Xəstəxanalar Qrupunun Xəstə Xidmətləri şöbəsinin, Çağrı Mərkəzinin və PR şöbələrinin strukturu və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Eyni zamanda, fəaliyyət planı çərçivəsində 2019-2020-ci illərdə həm Azərbaycanda, həm də Türkiyədə keçirilməsi nəzərdə tutulan tədbirlər və müştərək layihələr müzakirə olunub.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalının nümayəndə heyətinin Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupuna səfəri Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi və Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupu arasında cari ilin 3 may tarixində imzalanmış memorandum çərçivəsində həyata keçirilmişdir.

Bu əməkdaşlıq çərçivəsində Mərkəzi Gömrük Hospitalın həkimlərinin, tibb personalının müntəzəm olaraq Florence Nightingale Xəstəxanalar Qrupunda təkmilləşdirmə kurslarında iştirak etməsi, qarşılıqlı elmi-praktiki tədbirlərin, müştərək elmi-tədqiqat işlərin və tibbi araşdırmaların keçirilməsi nəzərdə tutulub.