AZƏRBAYCAN » CƏMİYYƏT
09 Oktyabr 2019, 17:49 (GMT +4)

AzMİU-da beynəlxalq elmi-praktik konfrans keçirilib

Bakı, 9 oktyabr, SalamNews. Oktyabrın 9-da Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Memarlıq və İnşaat Universiteti, Silahlı Qüvvələrin Hərbi Akademiyasının birgə təşkilatçılığı ilə “Maqnityumşaq ərintilərin informasiya texnologiyalarında və hərbi sənayedə tətbiqi prespektivləri” mövzusunda Beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Onu qeyd edək ki, ölkəmizdə bu mövzuda beynəlxalq konfrans ilk dəfə AzMİU-da keçirilir. Konfransda Hərbi Akademiyanın yüksək rütbəli zabit heyəti, o cümlədən, ölkəmizdə fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən, elmi-tədqiqat institutlarından, elmi mərkəzlərdən, Rusiya, Ukrayna universitetlərindən görkəmli alimlər iştirak ediblər. Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətindəki büstü önünə əklil qoyub, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Universitetin rektoru, professor Gülçöhrə Məmmədova konfransı açıq elan edərək iştirakçıları salamlayıb, Silahlı Qüvvələrin Hərbi Akademiya ilə əməkdaşlıq nəticəsində ərsəyə gələn konfransı yüksək qiymətləndirib, gələcəkdə birgə fəaliyyətlərin genişləndirilməsini tədbirlərin, konfransların keçirilməsini arzulayıb. Mövzunun aktuallığına diqqət çəkən rektor gənc mütəxəssisləri konfransın bölmə iclaslarında, müzakirələrdə aktiv olmağa səsləyib.

Konfransın plenar iclasında AzMİU-nun Fizika kafedrasının Metal və ərintilər fizikası ETL-in rəhbəri, professor Tahir Pənahov “Metallar fizikası elminin informasiya texnologiyalarında və hərbi sənayedə tədbiqinin prespektiv istiqamətləri”, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Akademiyanın Mahaçkalada elmi fəaliyyət göstərən Əmirxanov adına Fizika İnstitutunda Fəza keçidləri fizikası şöbəsinin müdiri, professor İbrahimxan Kamilov və AMEA-nın Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru Mətanət Mehrabovanın məruzələri dinlənilib.

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.