AZƏRBAYCAN » İQTİSADİYYAT
29 Oktyabr 2019, 11:04 (GMT +4)

Pərviz Şahbazov: BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır

Bakı, 29 oktyabr, SalamNews. BP şirkəti enerji sahəsində Azərbaycanın əsas tərəfdaşıdır.

Energetika Nazirliyindən SalamNews-a bildirilib ki, nazir Pərviz Şahbazov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş Nazirinin ticarət elçisi Baronessa Emma Nikolsonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanaraq BP şirkəti ilə Azərbaycan arasında həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələrindən bəhs edilib.

BP şirkətinin enerji sahəsində Azərbaycanın əsas tərəfdaşı olduğunu deyən nazir Pərviz Şahbazov bərpaolunan enerji üzrə əməkdaşlıq perspektivləri barədə fikirlərini bölüşüb. E.Nikolson isə bərpaolunan enerji sahəsində görülən işlərin cari vəziyyəti barədə maraqlanıb.

Bildirilib ki, hazırda müxtəlif şirkətlərdən daxil olmuş təkliflər dəyərləndirilir. Külək və günəş enerjisi üzrə nəzərdə tutulan layihələrin şəbəkəyə inteqrasiyası ilə bağlı vəziyyət öyrənilir.

Görüşdə qlobal miqyasda davamlı enerji təminatında bərpaolunan enerjinin artan rolu, xərclərin azalması ilə bərpaolunan enerjinin rəqabətqabiliyyətli olması və ekoloji təmiz enerjinin ətraf mühitin qorunmasına töhfəsi ətrafında fikir mübadiləsi aparılıb.