AZƏRBAYCAN » ELM VƏ TEXNOLOGİYA
04 Noyabr 2019, 10:24 (GMT +4)

Qəzənfər Paşayev: Nəsimi yaradıcığı uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir

Bakı, 4 noyabr, SalamNews. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycan dili və pedaqogika kafedrasının təşəbbüsü ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş seminar keçirilib.

SalamNews xəbər verir ki, seminarda universitetin professor-müəllim heyəti ilə yanaşı, AMEA-nın Ədəbiyyat İnstitutundan dəyərli alimlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən universitetin Elm və texnika işləri üzrə prorektoru, professor Arif Şərifov tədbir iştirakçılarını salamlayıb, seminarda iştirak edən qonaqlara AzMİU-nun rektoru adından təşəkkür edib. Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2019-cu ilin Nəsimi ili elan olunduğunu və şairin 650 illik yubileyinin yüksək səviyyədə qeyd edildiyini xatırladan prorektor bu sərəncamdan irəli gələrək AzMİU-da Nəsiminin yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirildiyini qonaqların diqqətinə çatdırıb. O, bu ilin dekabrında universitetdə keçiriləcək tələbə və magistrantların konfransının da Nəsiminin yubileyinə həsr olunduğu barədə məlumat verib.

Kafedranın müdiri, filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədova 2019-cu il ərzində universitetdə Nəsimiyə həsr olunmuş tədbirlərdən, tələbələrin Nəsimi irsinə böyük marağından danışıb. Nəsiminin 650 illiyinin ölkəmizdə, hətta onun hüdudlarından kənarda geniş şəkildə qeyd edildiyini deyən S.Əhmədli bu yanaşmanın mütəfəkkir şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisi olduğunu vurğulayıb.

Seminarda iştirak edən görkəmli alim, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Nəsiminin yaradıcılığına nəzər yetirib, onun əsərlərinin əhəmiyyətindən və ömür yolundan söz açıb. 1972-ci ildən Nəsimi irsini araşdırdığını deyən alim onun yaradıcılığının Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutduğunu qeyd edib.

Q.Paşayevin sözlərinə görə, bu yaradıcılıq uzun illərdən bəri elmi fikrin diqqət mərkəzindədir. O, dövlət tərəfindən şairin xatirəsinə yüksək ehtiram nümayiş olunduğunu da deyib. “50 il öncə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Nəsiminin 600 illik yubileyi keçirildi. Ötən illər ərzində Nəsiminin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Onun ədəbiyyatda, incəsənətdə parlaq obrazları yaradıldı, “Nəsimi” bədii filmi çəkildi, Bakıda mütəfəkkir şairin heykəli ucaldıldı. Bu il isə ölkə Prezidentinin sərəncamına əsasən respublikamızda İmadəddin Nəsiminin 650 illik yubileyi yüksək səviyyədə qeyd edilir”.

AMEA-nın Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Mahirə Quliyeva, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə şairin yaradıcılığına nəzər salıblar, islam Şərqinin hər üç ədəbi dilində əsərlər yazdığını və daha çox Azərbaycan türkcəsində qələmə aldığı ölməz qəzəlləri ilə yaddaşlara həkk olunduğunu söyləyiblər, Azərbaycan ədəbiyyatı tarixində bədii-fəlsəfi şerin əsasını qoyan Nəsiminin fəlsəfi görüşlərinin bu gün də elmi dairələrdə müzakirə mövzusu olduğunu qeyd ediblər.

Seminarda MİT fakültəsinin 2-ci kurs tələbələri Əli Ziya, Vüsal Fərzəliyev, İTF-nin 2-ci kurs tələbəsi Nüsrət Fərəclinin ifasında Nəsiminin qəzəlləri səsləndirilib.