RUSİYA » SİYASƏT
08 Noyabr 2019, 17:20 (GMT +4)

Peskov: NATO qarşıdurma aləti olaraq yaradılıb

Bakı, 8 noyabr, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, NATO-nun qarşıdurma aləti olaraq yaradıldığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya tərəfi alyansın dünya sabitliyinin təmin olunmasında rolunu şişirtməyə meylli deyil.

SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Peskov bunu Fransa prezidenti Emmanuel Makronın alyansın "beyin ölümü" keçirdiyini  elan etməsindən sonra açıqlayıb.

"Biz dəfələrlə demişik ki, NATO qarşıdurma üçün yaradılan və rus dilində desək qarşıdurma məqsədləri üçün istifadə edilən bir ittifaqdır. Buna görə də qlobal və Avropa təhlükəsizliyi, eləcə də  sabitliyi təmin etməkdə bu ittifaqın rolunu heç vaxt şişirtməyə meylli deyilik", - Peskov  Makronun sözlərini şərh edərkən deyib.