DÜNYA » SİYASƏT
08 Noyabr 2019, 17:31 (GMT +4)

İran nüvə sazişilə bağlı 4-cü addımdan sonra Avropaya iki ay möhlət verib

Bakı, 8 noyabr, SalamNews, B.Samid. "Kifayət qədər diplomatiyaya vaxt vermişik. Dördüncü addım atıldı, əgər vəziyyət dəyişməsə öhdəliklərimizi azaltmağa davam eəcəyik."

SalamNews FarsNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Abbas Əraqçi kütləvi qırğın silahlarının qadağası barədə keçirilən konfransda çıxışı zamanı deyib.

İran rəsmisi ölkəsinin iki gün öncə nüvə sazişindəki öhdəliklərini dördücü dəfə olaraq azaltmasına toxunub və bildirib ki, Avropa tərəfi öhdəliklərinə əməl etməsə İran sazişdə yer alan öhdəliklərinin icrasını növbəti dəfə azaldacaq.

Qeyd edək ki, İran sözügedən addım çərçivəsində Fordo nüvə zavodunu tam şəkildə işə salıb və burada uranın zənginləşdirilməsini 4.5 faizə çatdırıb. İran həmçinin bu addım çərçivəsində Nətənz nüvə reaktorunda yeni nəsil sentrifuqa yerləşdirib. İran, bu addımların atılmasını ABŞ-ın sazişdən çıxması, sanksiyalara başlaması və Avropanın neftin ixracı və bank əməliyyatları ilə bağlı vədlərə əməl edə bilməməsilə əlaqələndirib.