AZƏRBAYCAN » İQTİSADİYYAT
14 Noyabr 2019, 15:53 (GMT +4)

"Bakcell"in baş icraçı direktoru: 5G şəbəkəsinə hələ ki tələbat çox azdır

Bakı, 14 noyabr, SalamNews, K.Orxan. "Bakcell-in 4G şəbəkəsinin əhatəsi gündən-günə genişlənir. Biz çalışırıq ki, bu şəbəkə bütün abunəçilərimizə əl çatan olsun. Lakin hazırda 5G şəbəkəsinin tətbiq edilməsi barədə danışmaq tezdir".

SalamNews xəbər verir ki, bunu jurnalistlərə "Bakcell"in baş icraçı direktoru Rayner Ratgeber Azərbayanda 5G-nin tətbiqi ilə bağlı sualı cavablandırarkən deyib.

R.Ratgeber bildirib ki, 5G texnologiyasını bazarda reallaşdırmaq üçün müvafiq tələb və cihazlar olmalıdır:

"Bakcell öz şəbəkəsinin etibarlılığını və sabitliyini təmin etmək üçün şəbəkə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər görür. Azərbaycanda Bakcell-in şəbəkəsi dünyada ən yaxşı olan şəbəkələrdən biri sayılır. Mən dünyanın bir çox ölkələrində olmuşam. Tam səmimi bildirirəm ki, burada həm internet qiyməti aşağıdır həm də şəbəkənin keyfiyyəti yüksəkdir. Yəni bizim başlıca vəzifəmiz 4G şəbəkəsini daha da optimallaşdırmaqdır. 5G şəbəkəsinin isə hazırki vəziyyətdə adi istifadəçilər üçün üstünlüyü azdır. 5G-nin üstünlüyü bu gun sadəcə şəbəkədə olan sürətli reaksiyalardır. Bundan ən çox böyük zavodlar, idarələr istifadə edə bilər. Əlbətdə ki, bir telekommunikasiya şirkəti olaraq biz dünyada 5G inkişafını izləyirik, lakin gündəlik istifadə üçün 4G xidməti bütün tələbləri üstələyir".