DÜNYA » SİYASƏT
27 Noyabr 2019, 09:44 (GMT +4)

"Barış Pınarı" anti-terror əməliyyatı hədəfinə çatana qədər davam edəcək

Bakı, 27 noyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında apardığı "Barış Pınarı" anti-terror əməliyyatı hədəfinə çatana qədər davam edəcək. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın başçılığı ilə Ankarada keçirilən Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasından sonrakı bəyanatda deyilir.

Türkiyə Milli Təhlükəsizlik Şurası "Barış Pınarı" əməliyyatının bölgədə sülh və sabitlik mühitinin qurulmasına töhfə verdiyini qeyd edib. Əməliyyat zamanı mülki əhaliyə zərər verməmək üçün bütün müvafiq tədbirlərin görüldüyü vurğulanıb.

Açıqlamaya görə, Ankara Suriyadakı təhlükəsizlik zonası ilə bağlı razılığa gələn tərəflərdən Suriyanın şimalından terrorçuların qısa müddətdə çıxarılması, o cümlədən Tell Rıfat və Mənbic  bölgələrinin terrorçulardan təmizlənməsi üçün addımların atılmasını gözləyir.

Həmçinin Türkiyə Təhlükəsizlik Şurası beynəlxalq ictimaiyyəti suriyalı qaçqınların vətənlərinə təhlükəsiz və könüllü qayıtmalarını təmin etmək üçün Ankaranın səylərini dəstəkləməyə çağırır.