DÜNYA » SİYASƏT
29 Noyabr 2019, 13:20 (GMT +4)

Nəcəfdə son iki günün iğtişaş və toqquşmalarında 18 nəfər ölüb - Mənbə

Bakı, 29 noyabr, SalamNews, B.Samid. Son iki gündə Nəcəf şəhərində baş verən etirazlar, iğtişaşlar və toqquşmalar zamanı 18 nəfər ölüb.

SalamNews əl-Məyadinə istinadla xəbər verir ki, bu barədə Nəcəfin səhiyyə mənbələri məlumat veriblər.

Bildirilib ki, son iki günün toqquşmalarında 18 nəfər ölüb və 112 nəfər yaralanıb.

Qeyd edək ki, Nəcəflə yanaşı İraqın Ziqar əyalətinin inzibati mərkəzi Nasiriyyə də şiddətli toqquşmaların şahidi olub. Burada da son iki gündə 20-dən çox şəxsin öldüyü deyilir.

Ötən gün Kərbəla şəhərində isə etirazçılarla toqquşma zamanı polis qüvvələrinə əl qumbarası atılıb və 3 polis yaralanıb.

İraq ötən ayın əvvəlindən korrupsiya ilə mübarizə və iqtisadi vəziyyətin yaxşılaşdırılması ilə bağlı etirazların şahididir. Bu etirazlar bəzi bölgələrdə iğtişaşlara və toqquşmalara çevrilib.