AZƏRBAYCAN » CƏMİYYƏT
07 Dekabr 2019, 10:53 (GMT +4)

Azərbaycan müəllimləri “STEAM” təlimində iştirak edirlər

Bakı, 7 dekabr, SalamNews. Təhsil Nazirliyinin “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisinin İsrailə səfəri davam edir.

Nazirlikdən SalamNews-a verilən məlumata görə, səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEAM mövzusundakı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi ilə bağlı müəllimlərə metodik dəstək göstərilir. Müəllimlər PBL (Project Based Learning – Layihə Əsaslı Öyrənmə), Mobil Öyrənmə, Engineering Design Process (Mühəndisliyin Dizayn Prosesi), Nanotexnologiya, Neuroscience, Refleksiya, eləcə də digər öyrənmə metod və vasitələrdən istifadə etməyi öyrənirlər.

24 günlük təlim çərçivəsində ORT Tiv`, Kfar-Galim, ORT Kiryat Motzkin, ORT Achva Gilboa məktəblərinə infoturlar təşkil edilib. Məktəblərdə "High Tech" və "Low Tech" laboratoriyaları da fəaliyyət göstərir. Həmin məktəblərdə əsas fənlərdən əlavə elektronika, kompüter texnologiyaları, robotexnika və aqrotexnologiyalar tədris olunur.

Həmçinin mütəxəssislər üçün Tel-Əviv elm muzeyinə də ekskursiya təşkil olunub. Muzeyin tərkibində olan Elektrik Mühəndislik Laboratoriyasında müəllimlər kiçik layihələr üzərində işləyiblər. Təlimə qatılan müəllimlər "Personal Practice" və "Escape Box" Kvest Texnologiyalar seminarlarında iştirak ediblər.

Qeyd edək ki, STEAM (Science, Technology, Engineering, Art and Mathematics) təlimi dekabrın 10-na kimi davam edəcək.